Böyük çillə, Kiçik çillə və Boz ay Azərbaycan xalq təqviminin ən qədim və ən zəngin mərhələlərindən olub, qışın sərtliyini, təbiətin dövri dəyişimini və bahara doğru keçidi simvolizə edir.

Böyük çillə, Kiçik çillə və Boz ay Azərbaycan xalq təqviminin ən qədim və ən zəngin mərhələlərindən olub, qışın sərtliyini, təbiətin dövri dəyişimini və bahara doğru keçidi simvolizə edir. Bu mərhələlər təkcə meteoroloji anlayış deyil, həm də xalqın mifoloji dünyagörüşünün, inanclarının və mərasim ənənələrinin ifadəsidir.
Böyük çillə dekabrın sonundan başlayaraq qırx gün davam edir və qışın ən sərt dövrü hesab olunur. Xalq inanclarında Böyük çillə şaxtanın, qarın və soyuğun gücləndiyi, təbiətin sükuta çəkildiyi zaman kimi təsvir olunur. Bu dövrdə insanlar daha çox ocaq başında toplaşar, qədim nağıllar və rəvayətlər söylənərdi.
Ceyrançöl düzündə, qədim Keşikçidağ ərazisində çillə çəkilişi həyata keçirilmişdir. Qışın sərt nəfəsini daşıyan bu müqəddəs zaman kəsiyi xalq yaddaşında təbiətin sınaq dövrü, insanın isə dözüm və iradə mərhələsi kimi qəbul olunur.
Keşikçidağın qayalı silsilələri, mağara-məbəd kompleksi və tarixi kurqanları Böyük çillənin ruhuna xüsusi bir ahəng qatmışdır. Qədim dövrlərdən etibarən bu ərazi yalnız yaşayış və müdafiə məkanı deyil, həm də mənəvi təmizlənmə, təbiətlə təmas və təfəkkür məkanı olmuşdur. Çillə çəkilişi də məhz bu tarixi-mədəni mühitdə simvolik məna qazanaraq icra edilmişdir. Böyük çillə mərasiminin çəkilişi həm də Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun zəngin qeyri-maddi mədəni irs ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olmuşdur.
Ceyrançölün geniş üfüqləri və Keşikçidağın tarixi abidələri fonunda keçirilən çillə çəkilişi xalq təqvim mədəniyyətinin canlı nümunəsi kimi həm elmi-etnoqrafik, həm də ictimai-maarifləndirici mahiyyət daşıyır. Bu cür təşəbbüslər milli irsin qorunması, təbliği və beynəlxalq auditoriyaya təqdim olunması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.

Spread the love