Keşikçidağ tələbələrin elmi praktika məkanına çevrilib
Bakı Dövlət Universitetinin Qazax filialının Tarix ixtisası üzrə təhsil alan IV kurs tələbələri elmi-praktiki təcrübə proqramı çərçivəsində Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olublar. Gənc tədqiqatçıların diplom işləri və gələcək elmi araşdırmaları üçün böyük dəyər daşıyan bu proqram çərçivəsində, onlar qoruğun zəngin arxeoloji və tarixi irsi ilə yaxından tanış olublar.
Tələbələrin ilk dayanacağı regionun ən mühüm arxeoloji məkanlarından biri olan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən “Kurqanlar Vadisi”nə səfər olub. Burada onlar minilliklərin şahidi olan qədim kurqanları yerindəcə müşahidə edib, qazıntılar zamanı üzə çıxarılan maddi-mədəniyyət nümunələri barədə geniş məlumat alıblar. Qoruq əməkdaşları bildiriblər ki, bu kurqanlar qədim insanların həyat tərzi, dəfn ayinləri, inancları və sosial münasibətlərini öyrənmək üçün əvəzsiz bir elmi mənbədir. Ziyarət zamanı tələbələrə arxeoloji qazıntıların metodikası, tapıntıların qeydiyyatı, bərpası və qorunması istiqamətində görülən işlər ətraflı şəkildə izah olunub. Vurğulanıb ki, bu cür sahə tədqiqatları auditoriyada qazanılan nəzəri biliklərin real tarixi mühitdə tətbiqinə və tələbələrin elmi vərdişlərinin formalaşmasına birbaşa töhfə verir. Elmi səfərin növbəti mərhələsində tələbələr “İlham Əliyev adına zirvə” istiqamətində yerləşən qədim mağara komplekslərini ziyarət ediblər. Qayalıqlarda qorunan freskalar (divar rəsmləri), qədim su quyuları, ərzaq anbarları və yaşayış izləri gənclərin böyük marağına səbəb olub. Əsrlər boyu həm sığınacaq, həm də ibadətgah rolunu oynamış bu mağaraların regionun qədim mədəniyyət tarixini əks etdirən unikal abidələrdən olduğu diqqətə çatdırılıb. Praktika müddətində tələbələr diplom işləri üçün vacib qeydlər aparıb, abidələr üzərində vizual müşahidələr keçirib və ilkin tədqiqat materialları toplayıblar. Sonda qeyd olunub ki, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu sadəcə bir ekskursiya məkanı deyil, həm də açıq səma altında fəaliyyət göstərən canlı elmi-tədris platformasıdır. Bu cür praktiki məşğələlər gənclərin tarixə, arxeologiyaya və milli-mədəni irsimizə olan bağlılığını daha da gücləndirir.
