30.05.2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna ziyarətçilər üçün elmi ekskursiya təşkil edilmişdir. Ekskursiya çərçivəsində iştirakçılar ilk olaraq Ceyrançöl ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisini ziyarət etmiş, həmin abidələrin tarixi, arxeoloji xüsusiyyətləri və regionun qədim məskunlaşma tarixinin öyrənilməsində oynadığı rol barədə ətraflı məlumatlandırılmışlar. Daha sonra ekskursiya iştirakçıları qoruq ərazisində yerləşən “İlham Əliyev adına Zirvə”ni, bu istiqamətdə yerləşən mağaraları, onların divar və tavanlarında qorunub saxlanılmış freska nümunələrini, həmçinin su quyuları və ərzaq anbarlarını yaxından müşahidə etmişlər. Ekskursiya zamanı iştirakçılara Keşikçidağ mağaralar kompleksinin yaranma və inkişaf tarixi, memarlıq xüsusiyyətləri, dini-mədəni əhəmiyyəti, eləcə də burada mövcud olan maddi-mədəni irs nümunələrinin elmi və tarixi dəyəri haqqında geniş məlumat verilmişdir.
