15 İyun Milli Qurtuluş Günü münasibətilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman Sektoru, Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə gənc könüllülərin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının taleyində mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Milli Qurtuluş Gününün mahiyyətini gənc nəslə çatdırmaq, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının təbliği, müstəqillik tariximizin öyrənilməsi və gənclərdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi olmuşdur.Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra çıxışçılar 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətindən bəhs etmiş, 1993-cü ildə ölkəmizin üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanda sabitliyin bərpa olunduğunu, dövlət müstəqilliyinin təhlükədən xilas edildiyini və gələcək inkişafın möhkəm təməllərinin qoyulduğunu vurğulamışlar.
