XVIII-XIX əsrlərin sonu mağara-məbədlərə maraq bir qədər azalır, onlar xarabalığa çevrilməyə başlayır. Bu onunla əlaqədar olmuşdur ki, 1836-cı ildə Qafqaz Albaniyasında mövcud olan Alban katolikosluğu məqsədli olaraq Rusiya çarlığı tərəfindən ləğv edilərək erməni Qriqorian kilsəsinin tabeliyinə verilmişdir. Mağaraların əksəriyyətində xristianlıq mövzusu ilə bağlı çoxlu sayda freska işlənilib. Maraqlısı budur ki, bu freskalar sistemli şəkildə deyil, pərakəndə haldadır. Diqqəti cəlb edən freskaların əksəriyyəti dini ayinlərin keçirildiyi, memarlıq üslubuna, forma və quruluşuna görə Azərbaycan ərazisində yerləşən alban məbədləri ilə eynilik təşkil edən mağara-məbədlərin divarlarını bəzəyir. Qonşu Gədəbəy və Şəmkirdə, Şəki-Qax zonasında da bu tipli məbədlər az deyil. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda yerləşən çoxsaylı mağara –məbəd komplekslərinin içərisi (interyeri) freskalarla zəngindir. Tarixçilərin verdiyi məlumata görə, vaxtı ilə Qafqaz Albanyasının xristian kahinlərinin sitayiş yeri olan bu mağara –məbəd komplekslərindəki freskalar sonradan “İncil”dən götürülmüş müxtəlif mövzular əsasında xristian dininin təbliği məqsədilə yaradılmışdır.
Bununla belə, mağara-məbəd komplekslərindəki freskalar – onlardakı dini mövzular üzrə kompozisiyalar həmin abidələrdəki məkan mühiti ilə uyğunsuzluq təşkil edir. Belə ki, freskaların həmin obyektlərdə çox-çox sonradan işləndiyi şübhəsizdir. Tədqiqatlar göstərir ki, akvarellə işlənmiş bu freskaların XIX əsrə aid olduğu müəyyənləşdirilmişdir. İlk öncə onu qeyd etmək lazımdır ki, burada kompozisiyaların yerləşdirilməsi (komponovka) qəti olaraq interyerə uyğunsuzluq təşkil edir və bu kompozisiyalar bitkin sujet xətti əsasında deyil. Interyerə hesablanmadan pərakəndə şəklində müxtəlif dini səhnə və obrazlardan ibarət olaraq təsvir edilmişdir. Bu fakt bir daha təsdiq edir ki, həmin mağaralar freskalara nisbətən çox-çox əvəllər mövcud olmuşdur.