Dəniz səviyyəsindən 850 metr hündürlükdə dağın zirvəsində nəzarət və müdafiə məqsədilə tikilən üçmərtəbəli Keşikçiqalanın hündürlüyü 11 metr, sahəsi 26,25 kv m (5 x 5,25), divarların qalınlığı bir metrə və mərtəbələrarası hündürlük 3.60 sm-dir. Üçüncü mərtəbənin bir hissəsi dağıldığından onun hündürlüyü bir qədər azdır. Qalanın bütün mərtəbələrində dörd tərəfə baxan müşahidə gözlükləri onun müdafiə məqsədilə tikildiyini təsdiqləyir. Qafqaz Albaniyasında eyni məqsədlə tikilmiş qalaların mərtəbələrarası tağ forması Keşikçiqalada da mövcuddur. Kərpicdən və yerli daşdan inşa edilmiş tağlar memarlıqda praktik əhəmiyyət daşıyan möhkəmliyi təmin edirdi. Tarixçilərin verdiyi məlumata görə bu qalanın inşa edilmə tarixi V-VI əsrlərə təsadüf edir. Qala göstərilən ərazidə strateji baxımından münasib və ən hündür yerdə sal qaya üzərində tikilmişdir. Qalanın müdafiə xarakterli olmasını onun ikinci və üçüncü mərtəsində dörd tərəfdə mövcud olan müşahidə üçün pəncərə- gözlüklər bir daha təsdiq edir. Qalanın tikintisində yerli təbii daşdan qırmızı kərpicdən istifadə edilmişdir. Keşikçiqaladan şimal-şərqə doğru coğrafi ərazinin ən hündür yüksəkliyində, dəniz səviyyəsindən 950 m hündürlükdə üzü cənub istiqamətinə baxan və yerli daş materiallardan inşa olunan iki məbəd yerləşir. Bir-birindən 1500 m aralıda yüksələn bu tikililər Qafqaz Albaniyası dövrünün xristian məbədləridir. Hər iki məbədin ön və yan hissələrdən qoyulmuş mazğal formalı pəncərələri tikilinin interyerini qismən işıqlandırır. Bu məbədlər tikilmə və memarlıq üslubuna görə Qafqaz Albaniyası dövründə inşa edilmiş digər məbədlərlə eynilik təşkil edir. Məbədlərin inşa edildiyi, Keşikçiqalanın ucaldığı sıldırım qayalarda da mağara tipli hücrələr, dini ayinlərin keçirildiyi ibadətgahlar, su quyuları və ərzaq anbarları az deyil.