Qazax rayonunun Yuxarı Əskipara kəndi ərazisində V-VIII əsrlərə aid ölkə əhəmiyyətli memarlıq abidəsi olan məbəd dini ibadətgah məqsədilə inşa edilmişdir. Alban memarlığı üslubunda tikilmiş bu məbəd yaxşı vəziyyətdə qalmışdır. Coğaz çayının sol sahilində hündür təpə üzərindədir. Üslub etibarilə Qəbələ və Qax rayonları ərazisindəki alban tikililərini xatırladır. Hündürlüyü 18 metr olub, ortasında böyük altıbucaqlı formada tikili və ona birləşik üç kiçik alaqapı formalı tikilidən ibarətdir. Qapılarının başında alban xaçı vardır, sütunlarında isə nəbati və zoomorf (balıq) şəkillərindən ibarət bəzək elementləri görünür.