Qarabağın tacı olan Şuşanın incilərindən biri də Saatlı məscididir. Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən, Pənah Əli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində tikilib. Məscid Şuşanın Saatlı məhəlləsində tikildiyi üçün belə adlandırılmışdır. Saatlı məhəllə məscidi olsa da, şəhərin digər məhəllə məscidlərindən ölçüsü, həm memarlıq quruluşu, həm də dekorativ tərtibatı ilə seçilirdi. Məscidin minarələrinin ümumi quruluşu Yuхarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrinə bənzəyir. Məscidin interyer həlli bədii kamillik nümunəsi də hesab oluna bilər. Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla bəzədilib. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb.