Gəncə-Qazax bölgəsinin ən zəngin arxeoloji abidələrindən biri Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yerləşən Tavatəpə qədim yaşayış yeridir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları xarici mütəxəssislərin – Türkiyəli və İtaliyalı arxeoloqların iştirakı ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun dosenti, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun rəhbərliyi ilə aparılan qazıntılarda arxeologiyanın predmeti, dövrlər üzrə sistemləşdirilməsi, metodların öyrənilməsi, geoskan aparatının işlənmə mexanizmlərini öyrənmək məqsədilə ərazidə olmuşlar. AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun dosenti, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov əməkdaşlarımıza bildirmişdir ki, Tavatəpə yaşayış məskənində 3 ildir aparılan arxeoloji tədqiqat işləri artıq öz nəticəsini vermişdir. Yaşayış yerindən arxeoloji qazıntılar zamanı çıxarılan son tunc-erkən dəmir dövrünə xarakterik çiy kərpicdən və çay daşlarından inşa edilən tikili qalıqları, təsərrüfat küpləri, quyular, müxtəlif saxsı qablar, daş alətlər eramızdan əvvəl II minilliyin sonu – I minilliyə aid edilir. Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyasının üzvləri qoruq əməkdaşlarının suallarına cavab olaraq bildirmişlər ki, son tunc-ilk dəmir dövrünə aid abidədəki ibtidai ritual tikili qalığı olan ibadətgah öz unikallığına görə təkcə Azərbaycanda deyil, o cümlədən Qafqazda ilk tapıntı hesab olunur. Sonda unikal abidənin çoxdövrlü və bir neçə təbəqəli olması, qorunması haqqında Goranboy ekspedisiyası ilə ətraflı fikir mübadiləsi aparılmışdır.