Keşikçidağ mağaralar kompleksinin daimi sakinlərindən biri şahinlərdir. Şahin göyərçindən xeyli böyükdür. Bel tərəfi, qanadları və quyruğu göyümtülə çalan boz, qarın tərəfi isə açıq rənglidir və köndələn naxışları var. Döşündəki naxışlar damcı formalıdır. “Bığları” parlaq qara, ayaqları sarıdır. Şahinlər dağların yüksək qurşaqlarında məskunlaşıb nəsil verir. Oturaq, qışlayan və miqrant populyasiyaları var. Fevralın axırında—martda yuva sahəsində görünür. Eyni yuvadan uzun müddət istifadə edir. Aprel ayında 2-3 yumurta verir, adətən 2 bala böyüdür. Avqustda pərvaz balaları görünür. Əsas yemi quşlardır: göyərçin, kəklik, ular, qışda ördək, qaz və s. Şikarını havadan çalıb ovlayır.