11 iyun 2025-ci il tarixində Ağstafa Gənclər Evi “Sosial Xidmət Müəssisəsi”nin əməkdaşları və könüllü gəncləri AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə “Yovşanlıdərə” kurqanlarında aparılan arxeoloji qazıntılarla tanış olmuşlar. Ziyarət zamanı ekspedisiya iştirakçıları kurqanlardan aşkar edilmiş maddi-mədəniyyət nümunələrinə yerində baxış keçirmiş və onların elmi əhəmiyyəti barədə məlumat almışlar. Ekskursiya çərçivəsində Şamil Nəcəfov, İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Əsədov və İnstitutun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanovun iştirakı ilə ustad dərsi təşkil olunmuşdur. Ustad dərsində iştirakçılara qazıntı prosesinin metodoloji aspektləri, aşkar edilən artefaktların ilkin sənədləşdirilməsi və konservasiyası, həmçinin bu ərazidə aparılan tədqiqatların regionun qədim yaşayış mühiti və mədəniyyətləri haqqında verdiyi elmi nəticələr barədə geniş izahat təqdim edilmişdir.








