Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-5” adlı layihənin hazırlıq işlərinə başlanılmışdır. Belə ki, arxeoloji qazıntılarda iştirak edəcək tələbələrə master-klassların keçirilməsi, o cümlədən ziyarətçilərin asudə vaxtını səmərəli təşkil etmək üçün qoruq əməkdaşları tərəfindən alaçıqlar qurulur. Eyni zamanda, qazıntı aparılacaq sahələrdə əvvəlcədən elmi tədqiqat işləri aparılmış, relyefə uyğun olaraq ərazi seçilmiş və bu ərazidə yerləşən çoxsaylı kurqanlar arasında kompleks arxeoloji meyarlar – strukturu, ölçüləri, morfoloji xüsusiyyətləri, yerləşmə konteksti və ehtimal edilən tarixi dövrləri nəzərə alınaraq tədqiqata cəlb olunmağa ən uyğun olanlar müəyyən edilərək seçilmişdir. Seçilən kurqanlar, öz arxeoloji potensialına və elmi baxımdan yüksək tədqiqat əhəmiyyətinə görə digər kurqanlardan fərqlənmiş və qazıntı üçün prioritet hesab edilmişdir.
Qeyd etmək lazımdır ki, bu yay məktəbində yalnız tələbələr deyil, həm də magistrantlar, könüllülər, gənclər, doktorantlar, məktəblilər və mədəni irsə maraq göstərən digər şəxslər də iştirak edə bilərlər.



