Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Türkiyə Respublikasının T.C. Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsi Ankara Restavrasiya və Konservasiya Regional Laboratoriya Müdirliyinin kimya mühəndisi-restavratoru Sinan Asılkaralanlı və laboratoriyanın Azərbaycan üzrə koordinatoru, uzman Nərmin Baştemur “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda olmuşlar. Qonaqlar qoruğun inzibati binasında yaradılmış kiçik muzey-tipli sərgi stendində nümayiş olunan arxeoloji artefaktlarla və qoruğun çap məhsulları ilə tanış olaraq, ərazinin müxtəlif arxeoloji dövrlərini əks etdirən tapıntılar barədə məlumat almışlar. Qoruq ərazisindən əldə olunmuş artefaktlardan nümunələr götürülərək onların material tərkibinin, mənşəyinin və istehsal texnologiyasının laborator şəraitdə müəyyənləşdirilməsi planlaşdırılır. Bu analizlər sayəsində tapıntıların dəqiq dövrləşməsi və arxeoloji kontekstdə yerinin müəyyənləşdirilməsi mümkün olacaqdır. Eyni zamanda aparılacaq radiokarbon və izotop tədqiqatları gələcəkdə qoruq ərazisindəki kurqanların, məskənlərin və maddi-mədəniyyət komplekslərinin elmi əsaslarla sistemləşdirilməsinə geniş imkan yaradacaqdır.
