2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin dövlətçilik tarixində mühüm siyasi və ideoloji əhəmiyyət kəsb edir. Bu qərar müasir Azərbaycan dövlətinin hüquqi əsaslarını, milli suverenliyin qorunması və müstəqil idarəçilik ənənələrinin möhkəmləndirilməsində Konstitusiyanın rolunu bir daha ön plana çıxarır. Konstitusiya xalqın suveren iradəsini ifadə edən ali hüquqi sənəd kimi dövlət quruluşunun əsas prinsiplərini müəyyən edir, insan hüquq və azadlıqlarının təminat mexanizmlərini təsbit edir. Suverenlik isə Azərbaycan xalqının öz taleyini müstəqil müəyyən etmək, milli maraqlarını qorumaq və beynəlxalq aləmdə bərabərhüquqlu subyekt kimi çıxış etmək iradəsinin təcəssümüdür.
Bu baxımdan “Konstitusiya və Suverenlik İli” ölkədə hüquqi mədəniyyətin inkişafına, vətəndaş cəmiyyətinin güclənməsinə, həmçinin milli dəyərlərlə hüquq dövlətçiliyi prinsiplərinin vəhdətinin möhkəmləndirilməsinə xidmət edən strateji təşəbbüsdür. İl çərçivəsində təşkil olunan elmi konfranslar, maarifləndirici layihələr və müxtəlif ictimai tədbirlər məhz bu məqsədlərə yönəlib.
21 noyabr 2025-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənmiş “Tədbirlər planına” və Ağstafa Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq, Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual yarış keçirilib. Yarışın məqsədi dövlətin ərazi bütövlüyü, suverenliyi və konstitusion dəyərləri haqqında biliklərin artırılması, işğaldan azad olunmuş ərazilərimizin tarixi irsinin tanıdılması və regionun milli-mədəni dəyərlərinə marağın yüksəldilməsi olub.
Tədbir Ağstafa rayon A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbində baş tutub. İştirakçılar əvvəlcə “Keşikçidağ” qoruğunun fəaliyyətinə dair çap məhsulları və qoruq ərazisindən toplanmış maddi-mədəniyyət nümunələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək bildirib ki, Azərbaycanın suveren dövlət kimi inkişaf yolu, siyasi sabitliyin qorunması və hüquqi dövlət quruculuğu Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursa əsaslanır və bu kurs bu gün də ardıcıl şəkildə həyata keçirilir. Bilik yarışına BDU Qazax filialının əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, BDU Qazax filialının əməkdaşı, Əməkdar müəllim İndira Səmədova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektorunun nümayəndələri və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarından ibarət münsiflər heyəti nəzarət edib. 31 komandanın iştirakı ilə keçirilən yarış 3 mərhələdən ibarət olub. İştirakçılar “Konstitusiya və Suverenlik İli”, Azərbaycan Respublikasının Konstitusiyası, azad olunmuş ərazilərdəki tarixi abidələr və suverenlik mövzularını əhatə edən 30 sual üzrə biliklərini sınayıblar. Yarışın nəticələrinə əsasən,
I yer – Vətən müharibəsi qəhrəmanı Azər Yusifli adına Böyük Kəsik tam orta məktəbinin “Zəngilan” komandası, II yer – S.Məmmədov adına Poylu kənd tam orta məktəbinin “Qarabağ” komandası,
III yer – Poylu qəsəbə tam orta məktəbinin “Qızıl Hacılı” komandası olub. Qaliblərin yaxın günlərdə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması nəzərdə tutulur.
