Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində yerləşən abidələrin daha dərindən öyrənilməsi və təbliği, həmçinin son illər qoruq ərazisində aparılmış elmi tədqiqatların beynəlxalq arenaya çatdırılması məqsədilə cari ilin iyul ayında Quba şəhərində keçirilmiş “VI Beynəlxalq Dədə Qorqud Türk Mədəniyyəti, Tarixi və Ədəbiyyatı” konfransına BDU-nun Qazax filialının dosenti, filologiya üzrə elmlər doktoru Valeh Nəsibli və qoruğun əməkdaşı Paşşanova Unnabın birlikdə qoruq ərazisində yerləşən abidələrin etimologiyasından bəhs edən məqaləsi göndərilmiş, qəbul edilmiş və konfransın sonunda sertifikatla təltif edilmişlər. Bunun davamı olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında BDU-nun Qazax filialının dosenti, filologiya üzrə elmlər doktoru Valeh Nəsibli və BDU-nun Qazax filialının dosenti, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyevin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada Valeh Nəsiblinin qoruq ərazisində yerləşən abidələrin, Qarasoy, Qaltan, Ceyrançuxur, Sacdağı kimi toponimlərin öyrənilməsi əsas hədəf kimi qarşıya qoyulmuşdur. Valeh Nəsibli bildirmişdir ki, bu toponimlər haqqında dərin araşdırmalar aparılmadığı üçün yaxın gələcəkdə onların araşdırılmasına geniş ehtiyac var. Sonda birgə əməkdaşlıq haqqında razılığa gəlinmişdir.