Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində Xocalı-Gədəbəy mədəniyyətinə aid edilən Tavatəpə adlı qədim yaşayış yeri aşkar edilmişdir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun dosenti, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun rəhbərliyi ilə aparılan qazıntılarla daha yaxından tanış olmaq məqsədilə əraziyə səfər etmişlər. Qeyd edək ki, qazıntılarda yerli mütəxəssislərlə birgə Türkiyə və İtaliyalı arxeoloqlar da fəaliyyət göstərir. Yaşayış yerindən arxeoloji qazıntılar zamanı çıxarılan son tunc-erkən dəmir dövrünə xarakterik çiy kərpicdən və çay daşlarından inşa edilən tikili qalıqları, təsərrüfat küpləri, quyular, müxtəlif saxsı qablar, daş alətlər eramızdan əvvəl II minilliyin sonu I minilliyə aid edilir. Buradan tapılan əşyalar belə deməyə əsas verir ki, burada həyat tərzi yüksək səviyyədə inkişaf etmişdir.