12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Konstitusiyasının dövlətçilik tariximizdəki müstəsna rolu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının tarixi əhəmiyyəti, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əhəmiyyəti olmuşdur. Dəyirmi masa zamanı Konstitusiyanın müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi təməllərini müəyyən edən ali hüquqi sənəd kimi əhəmiyyəti, milli dövlətçilik ənənələrinin qorunması, qanunun aliliyinin təmin edilməsi və vətəndaş məsuliyyətinin artırılması istiqamətində rolu ətrafında müzakirələr aparılıb.
