Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş müəllimlər arasında intellektual bilik yarışı təşkil olunub.
Həsənsu kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edib. O, həmçinin belə intellektual bilik yarışlarının müəllimlərin dünyagörüşünün genişləndirilməsi, tarixi yaddaşın qorunması, milli-mədəni irsimizə və memarlıq abidələrimizə marağın artırılması, Zəfər tariximizin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
12 komandanın iştirak etdiyi yarışın əsas məqsədi müəllimlər arasında intellektual bilik və dünyagörüşünün artırılması, milli-mədəni irsimizə, tarixi abidələrimizə, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinə dair məlumatlılığın gücləndirilməsi olub. Bilik yarışı çərçivəsində iştirakçılara Azərbaycanın zəngin tarixi-mədəni irsi, memarlıq nümunələri və işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə bağlı suallar ünvanlanıb. Yarışın yekununda I yerə Kəlbəcər komandası – Qaçaq Kərəm tam orta ümumtəhsil məktəbi, II yerə Azərbaycan komandası – Həsənsu kənd tam orta ümumtəhsil məktəbi, III yerə isə Zəngilan komandası – Ə. Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi layiq görülüb.
