Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamına əsasən 2022-ci il “Şuşa ili” elan edilmişdir. 2022-ci ilin “Şuşa ili “ elan olunması ilə bağlı ölkəmizinin bütün bölgələrində o cümlədən Ağstafa rayonunda silsilə tədbirlər həyata keçirilir. Şuşa ili bağlı yekun tədbirlərdən biri ”Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən həyəta keçirilmişdir. Belə ki, 26 dekabr tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində 2022-ci il “Şuşa ili”nə həsr olunmuş “Şuşa Azərbaycanın mədəniyyət beşiyidir” adlı elmi-seminar keçirilmişdir. Tədbirdə ilk öncə torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılmış, daha sonra qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək 2022-ci ilin “Şuşa ili” elan olunmasının əhəmiyyətindən, Ölkə Prezidenti cənab İlham Əliyev göstərişi ilə Şuşada aparılan abadlıq və quruculuq işlərindən bəhs etmişdir. Seminarda Şuşada doğulub böyüyən, 15 ildən çox qoruq ərazisində elmi tədqiqatlar aparmış, hazırda fəaliyyətini bölgəmizdə davam etdirən,BDU-nun professoru, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev, BDU-nun professoru, filologiya üzrə elmlər doktoru, Valeh Nəsibov, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru, pedoqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva və qoruğun əməkdaşları, Ağstafa rayon Ə.Hüseynov adına tam orta məktəbin əməkdar tarix müəllimi İndira Səmədova, Azərbaycan-Əfqanıstan Veteranlar İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev, 44 günlük Vətən müharibəsinin iştirakçılarından olan, Şuşaya öz əlləri ilə bayraq sancan “Şuşa fatehi” olan qazilərimizdən Elvin Məmmədov və Namiq İbrahimov iştirak etmişdir. Qonaqlar “Qarabağın ürəyi hesab edilən Şuşa” şəhəri , Cıdır düzü, Şuşa qalası haqqında xatirələrini bölüşmüş, Şuşanın etimologiyası, tarixi haqqında (slaydlı) ətraflı məlumat vermişlər. Tədbirdə həm də Şuşa ilə bağlı şeirlər kitabının müəlifi olan İmaş Hacıyevin “Olmazmı” və ”Biləydim” şeirləri qoruğun əməkdaşı Mehdiyeva Mələknisə tərəfindən səsləndirilmiş və poeziya nümunəsi iştirakçılar tərəfindən böyük maraqla dinlənilmişdir.
Həmçinin konfransda Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş, Ağstafa rayon Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmiş şəhid İmaməliyev Elvinin atası Elsəvər İmamalıyev çıxış etmiş və şəhidin keçdiyi şərəfli döyüş yolu haqqında danışmışdır. Sonda qonaqlara qoruq ərazisində yerləşən abidələrin əks olunduğu kristal suvenirlər, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Yaddaş” studiyası tərəfindən 2011-ci ildə lenət alınmış “Qədim Yurdun Daş Kitabəsi” adlı sənədli filmin diski, buklet, flayer və diyircəkli qələmdən ibarət hədiyyə çantaları təqdim edilmişdir.