Bölgəmizin mədəni irsi... Koroğlu qalası

Bölgəmizin mədəni irsi…
Koroğlu qalası

Yuxarı Əskipara kəndi ərazisində yerləşən qüllə qalıqları tikinti üslubu baxımından XVII əsrə aid edilir. Yuxarı Əskipara kəndində nisbətən salamat qalmış abidələrdən biri də Dördkünclü qaladır. Bu qalanı Koroğlu qalası qülləsi və sadəcə olaraq Qüllə də adlandırırlar. Bəzən eləcə Koroğlu qalası da deyilir. Coğaz çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olmuşdur. Çox planlı quruluşa malik pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri buranın gözətçi məntəqəsi olması fikrini təsdiqləyir. Plan quruluşu baxımından qala kvadrat şəklindədir və hər bir tərəfinin uzunluğu 8 metr təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülmüş və bişmiş qırmızı kərpicdən kəmər-naxışları vardır. Mərtəbə arası bağlar üçün ağacdan istifadə edilmişdir. Həyətində köməkçi binalar da vardır. Bunu sübut edən faktlar həmin binaların qalıqlarıdır. Memarlıq və mühəndislik baxımından tikili bölgəyə məxsus inşaat üslubunda ucalmışdır. Buna oxşar, eyni üslubda tikilmiş gözətçi bürcü Ağstafa rayonu ərazisində, Azərbaycanın Gürcüstan ilə dövlət sərhəddində yerləşir. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir.

 
 
 

Spread the love