Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov 31 avqust 2022-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşdur.
İlk öncə cənab nazir Keşikçidağ Kurqanlar vadisinin ərazisində yerləşən Ceyrançuxur dərəsi 1 saylı kurqanda “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi 2” adlı layihə çərçivəsində aparılan qazıntı işləri ilə yaxından tanış olmuşdur. Qazıntılara rəhbərlik edən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqu, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov və BDU-nun dosenti, tarix elmləri namizədi Yunis Nəsibov tərəfindən arxeoloji qazıntılar və buradan aşkarlanmış maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verilmişdir. Arxeoloji qazıntılarda iştirak edən gənc könüllülərin tariximizə göstərdikləri marağın sevindirici hal olduğunu vurğulayan cənab nazir onlara fəaliyyətində uğurlar arzulamışdır.
Daha sonra qoruğa məxsus informasiya mərkəzi ilə və mərkəzin ətrafında Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində Qarabağda qəhrəmancasına döyüşərək canlarından keçmiş, şanlı tarix yazan oğullarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış “Badam bağı” ilə tanış olmuşlar.
Cənab nazir Gürcüstan Respublikası ilə sərhəd xəttində yerləşən Keşikçiqala, Alban məbədi və mağara-məbədlə tanış olmuşdur. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun strateji cəhətdən ən hündür yüksəkliklərindən biri olan, Ali Baş Komandanın şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə”nin önündə qonaqlar əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Hüseynovun ifasında saz sədaları altında qarşılanmış, “İlham Əliyev adına zirvə” haqqında onlara məlumat verilmişdir. Qoruq əməkdaşı tərəfindən Keşikçidağ mağaralar kompleksinin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı fraqmentləşmiş halda aşkar edilmiş saxsı nümunələrinin konservasiya qaydalarına uyğun bərpa prosesi, qoruğa məxsus çap məhsullarından, foto albom və əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur. Kəklikotulu samovar çayı süfrəsinə əyləşən qonaqlara böyük ekranda ”Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun yaradıldığı gündən ta bu günə gördüyü işlərin, həyəta keçirdiyi layihələr və tədbirlərin videoçarxları yayımlanmışdır. Qoruğun fəaliyyəti ilə yaxından tanış olan A.Kərimov qoruq haqqında təklifləri dinləmiş, öz tövsiyələrini vermişdir Sonda qoruq əməkdaşları ilə xatirə şəkli çəkdirilmişdir.