Ağstafa rayonun Dağ Kəsəmən kəndində yerləşən bu məscid Əyyub ağa tərəfindən tikdirilmişdir. Məscid binası öz ilkin formasını qoruyub saxlamışdır. Divarları başdan-başa bişmiş kərpiclə hörülmüşdür. Məscidin hündürlüyü 30 metrə yaxındır. Günbəzi dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metr olub tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənmişdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır. Günbəzin diametri 7 metrdir, fasad tərəfi bişmiş kərpiclə işlənmişdir. Məscidin giriş qapısının sağ tərəfində Əyyub ağanın qəbri yerləşmişdir. Sovetlər dövründə məscid taxıl anbarı kimi istifadə edilmişdir. 1989-1990-cı illərdə yerli sakinlərin təşəbbüsü sayəsində məscidin fəaliyyəti bərpa edilmiş və 1990-cı ildə məsciddə Ağstafa rayonunun yerli tikinti idarələri tərəfindən bərpa işləri aparılmışdır.