A scientific seminar titled “Archaeological Heritage of the Region” was held at the Gazakh branch of Baku State University.

Bakı Dövlət Universitetinin Qazax filialında Bölgənin arxeoloji irs mövzusunda elmi seminar keçirilib.
Bakı Dövlət Universitetinin Qazax filialının, AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə 24 dekabr 2025-ci il tarixində “Bölgənin Arxeoloji irs” mövzusunda elmi seminar təşkil olunub.
Seminarın keçirilməsində əsas məqsəd bölgəmizin, o cümlədən “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən arxeoloji abidələrin elmi əsaslarla öyrənilməsi, qorunması və əldə olunan nəticələrin cəmiyyətə düzgün şəkildə təqdim olunması olub.
Qeyd edək ki, son illər bölgəmizdə, xüsusilə “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən arxeoloji abidələrdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi dəstəyi ilə tədqiqat və arxeoloji qazıntı işləri geniş vüsət alıb. Qoruq ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisində aparılan arxeoloji qazıntılara alim və tədqiqatçılarla yanaşı, bölgənin nüfuzlu ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri də cəlb olunub, tələbələr üçün ustad dərsləri təşkil edilib. Bu dərslər gənc tədqiqatçılar üçün səmərəli elmi platforma yaratmaqla yanaşı, bölgənin arxeoloji irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini bir daha ön plana çıxarıb.
Əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunan elmi seminarda bölgəmizin tarixi abidələrinin tədqiqi, mədəni irsimizin öyrənilməsi və elmi nəticələrin tətbiqi məsələləri geniş müzakirə olunub. Elmi seminarda Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Arif Rüstəmov, BDU Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, aparıcı elmi işçi, arxeoloq Lola Hüseynova, institutun əməkdaşı, antropoloq Ülkər Allahverdiyeva, BDU Qazax filialının əməkdaşı, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, filialın baş müəllimi, əməkdar müəllim İndira Səmədova və müstəqil tədqiqatçı Faiq Nəsibov çıxış ediblər. Çıxışlarda bölgənin, xüsusilə Keşikçidağ mağaralar kompleksi ərazisində yerləşən arxeoloji abidələr, burada aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri, əldə olunan mühüm elmi nəticələr barədə ətraflı məlumat verilib, bu irsin qorunmasının elmi və ictimai əhəmiyyəti vurğulanıb.

Spread the love