“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 19 dekabr 2563 saylı sərəncamı ilə yaradılmasından 18 il ötür.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 19 dekabr 2563 saylı sərəncamı ilə yaradılmasından 18 il ötür. Bununla əlaqədar olaraq Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağstafa rayonunda yerləşən Şuşa restoranında “Mədəni İrsimiz Keşikçidağ” təsvirli bələdçi jurnalının, “Keşikçidağ mağaralar kompleksi” adlı diskin təqdimatı və qoruğun rəsmi saytı olan “keshikchidagh-heritage.az” saytının o cümlədən qoruğun bütün sosial şəbəkələrinin yenilənmiş versiyasının nümayiş tədbiri keçirilmişdir. Təqdimatın keçirilməsində əsas məqsəd qoruq ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işlərinin ictimaiyyətə çatdırılması, qoruğun həyata keçirdiyi tədbirlər, layihələr barədə məlumatlılığın artırılmasıdır. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı və məsul şəxsləri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Qazax Müəllimlər Seminariyası ADA Universitetinin əməkdaşları, “Avey”, və “Qədim Şəmkir Şəhəri” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları, ölkənin nüfuzlu televiziya kanallarından olan AZTV-nin əməkdaşları, ziyalılar iştirak etmişlər. Tədbir “Mədəni İrsimiz Keşikçidağ” təsvirli bələdçi jurnalının və “Keşikçidağ mağaralar kompleksi” adlı diskin təqdimat mərasimi ilə başlamışdır. Daha sonra “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev tədbiri açıq elan edərək, sözü Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucova vermiş və cənab başçı qoruğun təşkil etdiyi tədbirlərdən, görülən işlərdən bəhs etmiş, qoruğun bölgənin tarixi irs nümunəsi kimi qorunması və gələcək nəsillərə ötürülməsinin əsas məqsədlərdən biri olduğunu vurğulamışdır. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, arxeoloq Lola Hüseynova, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, antropoloq Ülkər Allahverdiyeva çıxış edərək Keşikçidağ Kurqanlar Vadisində yerləşən kurqanlarda aparılmış arxeoloji qazıntı işlərinin nəticələrindən bəhs etmişlər. Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi, əməkdar müəllim İndira Səmədova, Bakı Dövlət Universitetinin dosenti, filiologiya üzrə elmlər doktoru Valeh Nəsibov, ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü, müstəqil tədqiqatçı Faiq Nəsibov, AZTV telekanalının əməkdaşı Almədəd Nəbiyev, tanınmış ziyalı və müəllim Məzahir Qocayev öz təəssüratlarını bölüşmüşlər. Daha sonra qoruğa aid tarixi abidələrin fotoşəkillərindən ibarət videoçarxların nümayişi fonunda qoruq əməkdaşları müxtəlif sahələrdə -18 illik fəaliyyət çərçivəsində görülən işlərdən, qoruğun fond işinin mühafizəsindən, həyata keçirilən tədbirlər, layihələr, aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri, əldə olunan nəticələr, bu artefaktların radiokarbon analizləri və bərpası ilə bağlı məruzələrlə çıxış etmişlər. Çay süfrəsi ətrafında davam etdirilən tədbirin bədii hissəsində musiqiçilərin ifasında musiqilər səsləndirilmişdir.


Spread the love