Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” nə həsr olunmuş veloyürüş həyata keçirilmişdir.
Yürüşün məqsədi qoruq ərazisində yerləşən, tarixi daş dövründən başlayaraq son orta əsrlərə qədər olan tarix-memarlıq abidələrinin daha geniş tanıdılması olmuşdur. Veloyürüş Soyuqbulaq qəsəbəsindən, qoruğun adının əks olunduğu məlumat lövhəsindən başlamış, qoruğa məxsus informasiya mərkəzinə qədər davam etmişdir.
Yürüşdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Ağstafa rayon idarə və təşkilatların rəhbərləri, alimlər, ziyalılar, 44 günlük Vətən Müharibəsinin qaziləri iştirak etmişdir.
Tədbirin bədii hissəsində milli geyimli rəqqasların ifasında milli rəqslərimiz və gənc idmançıların karate idman növü üzrə bacarıqları nümayiş olunmuşdur.
Yürüş iştirakçıları kəklikotulu samovar çayına və milli mətbəximizin ləziz təamlarından olan göy qutabına qonaq edilmiş, çay fasiləsi zamanı aşıqların ifasında saz havaları səsləndirilmişdir.