“Ceyrançöl” və xristian (alban) məbədlərində tədqiqat məqsədilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil etdiyi elmi ekspedisiya 2008-ci il avqust ayında göstərilən obyektdə çox çətin şəraitdə mütəmadi olaraq tədqiqat işləri aparmışdır.
Göstərilən ərazidə monastr-memarlıq abidələri ilə yanaşı onlarla mağara-məbəd kompleksi vardır ki, bunların da böyük əksəriyyətində xristianlığı əks etdirən mövzulardan ibarət freskalar işlənmişdir. İlk öncə onu qeyd etmək lazımdır ki, burada kompozisiyaların yerləşdirilməsi (komponovka) interyerlə qəti olaraq uyğunsuzluq təşkil edir və bu kompozisiyalar bitkin süjet xətti əsasında deyil, interyerə hesablanmadan pərakəndə şəkildə müxtəlif dini səhnə və obrazlardan ibarətdir. Bu fakt bir daha təsdiq edir ki, həmin mağaralar çox-çox əvvəllər mövcud olmuşdur. Və hətta bəzi boş qalmış yerlərdə müxtəlif ölçü və formada xaç işarələri çəkilib. Bu xaçlardan biri (böyük ölçüdə təsvir edilmiş) rus provoslav kilsəsinə aiddir. Bu da ehtimal yaradır ki, freskaları işləyən rəssam rus mənşəli olub. Kompozisiyaların işlənməsində müəyyən vərdişlərin olması diqqət çəksə də, ümumilikdə onlar qeyri peşəkar səviyyədə işlənmişdir. Kompozisiyalarda həcm-məkan mühitində, əşyaların həcm-fəza quruluşunda “prespektiva” qanunlarına əməl olunmayıb. Freskaların tarixini söyləmək üçün ümumiyyətlə freska yaradıcılığının tarixini nəzərdən keçirmək lazım gəlir. Məlum olduğu kimi freskalarda akvareldən geniş istifadə olunur. Ağ boyaq qarışdırılmış qeyri-şəffaf akvarel hələ Qədim Misirdə və antik dövr incəsənətində, həmçinin orta əsrlərdə Avropa və Asiyada məlum idi. Təmiz ağ boya qarışdırılmamış akvarel XV əsrdən tətbiq olunmağa başlanmışdır. XV-XVII əsrlərdən etibarən akvareldən qravüra, çertyoj, tablo və freska eskizlərinin rənglənməsində istifadə edilirdi. Tədqiq edilən freskalarda təbii ki, ikinci qrup – yəni təmiz akvareldən istifadə edilmişdir. Sonradan onların üzərinə xüsusi şirə (lak) çəkilmişdir. Fresklalarda diqqət çəkən mövzulardan biri də xristianlıqda məşhur olan “Sirli axşam” mövzusudur. Orta əsrlərdə və yeni dövrdə bu mövzuda onlarla rəsm əsəri işlənmişdir. Təbii ki, bunlardan ən möhtəşəmi Leonardo Da Vinçiyə məxsusdur. Tədqiq olunan obyektdəki sözügedən mövzuya aid kompozisiyada İsa Məsihin məsləkdaşlarından olan insan obrazlarının sayı ənənəvi olaraq 12 deyil, azlıq təşkil
edir. Çünki, mağaranın interyerinin səthinin kiçik olması çoxfiqurlu kompozisiyanın işlənməsinə imkan verməyib. Aparılmış tədqiqatın ümumi nəticəsinə əsasən göstərilən mağara-məbəd komplekslərindəki freskaların işlənmə tarixini (texniki və rənglərin keyfiyyət xüsusiyyətlərinə görə) XIX əsrin I yarısına aid etmək olar. Həmin ərazidə yerləşən məbəd-monastrların memarlıq forma-quruluş xüsusiyyətləri Azərbaycan ərazisindəki alban məbədləri ilə eynilik təşkil edir. Bununla belə, həmin ərazidə müxtəlif tarixi dövr və sahələr üzrə çoxsaylı mütəxəssislərdən ibarət ekspedisiyanın geniş tədqiqat aparmasına ehtiyac vardır.
Imas A.Haciyev Sənətşünaslıq namizədi, dosent. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvü. AMEA Memarlıq və İncəsənət İnstitunun elmi işçisi.