14 oktyabr 2026-cı il tarixində tanınmış alim və tədqiqatçı Rizvan Hüseynovun rəhbərlik etdiyi CBC telekanalının çəkiliş qrupu “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda səfərdə olub.
Səfər çərçivəsində ilk olaraq qoruğun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun və institutun böyük elmi işçisi, arxeoloq Lola Hüseynovanın iştirakı ilə dəyirmi masa keçirilib. Görüş zamanı Keşikçidağ ərazisində aparılan arxeoloji tədqiqatların elmi əhəmiyyəti, aşkar olunan maddi-mədəniyyət nümunələri, xüsusilə keramika məmulatlarının tədqiqi və tarixi irsin öyrənilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Daha sonra çəkiliş qrupu qoruğun ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi və Kurqanlar Vadisində olub. “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi çərçivəsində aparılan arxeoloji qazıntıların gedişi, tədqiqat prosesi və ərazinin zəngin tarixi-mədəni irsi lentə alınıb.
Səfərin əsas məqsədi Keşikçidağın qədim tarixinin, arxeoloji abidələrinin və elmi tədqiqatların nəticələrinin geniş ictimaiyyətə çatdırılması, eləcə də Azərbaycanın maddi-mədəni irsinin təbliğinə töhfə verməkdir. Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi qədim tariximizin araşdırılması, arxeoloji irsin qorunması və gənc nəslin elmi tədqiqatlara marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, səfər çərçivəsində qonaqlar “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən mağaralar kompleksi, onların divar və tavanlarında qorunub saxlanılmış freskalar, su quyuları və ərzaq anbarlarında olmuşlar.
