Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini Pərviz Qasımov, daş dövrü üzrə mütəxəssisləri – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov və İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaqub Məmmədovun iştirakı ilə “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 6: arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar” mövzusunda onlayn elmi seminar keçirilmişdir.
Seminarın əsas məqsədi layihə çərçivəsində aparılan tədqiqatların müzakirəsi, arxeoloji irsin və artefaktların öyrənilməsi, sənədləşdirilməsi və təhlilində rəqəmsal texnologiyalar və süni intellekt imkanlarının tətbiqi perspektivlərinin nəzərdən keçirilməsi olmuşdur.Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş digər qoruqların əməkdaşlarının və Bakı Dövlət Universitetinin magistrantlarının da iştirak etdiyi onlayn seminarda Keşikçidağ Kurqanlar Vadisinin arxeoloji irs potensialı, aşkar olunan artefaktların tədqiqi və elmi dövriyyəyə daxil edilməsi, həmçinin arxeoloji materialların rəqəmsallaşdırılması və sistemləşdirilməsi məsələləri müzakirə edilmişdir. Qeyd edək ki, “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-6” layihəsi arxeoloji irsin tədqiqi ilə yanaşı, gənc tədqiqatçı və tələbələrin müasir arxeoloji metodlar üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir.
