20 Sentyabr “Suverenlik Günü” ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada 20 Sentyabr – Suverenlik Gününün Azərbaycan dövlətçiliyi tarixində mühüm əhəmiyyəti, milli dövlətçilik ənənələrinin qorunması və dövlət suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.
Dəyirmi masada Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birlik və dövlətçilik ideyalarının inkişaf etdirilməsi istiqamətində tarixi xidmətləri vurğulanmışdır. Qeyd edilmişdir ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilmiş, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin müasir tarixində mühüm mərhələ olmuşdur.
Dəyirmi masa zamanı vurğulanmışdır ki, suverenliyin möhkəmləndirilməsi ilə yanaşı, milli-mədəni irsin qorunması, tarixi yaddaşın yaşadılması və gələcək nəsillərə çatdırılması da müstəqil dövlətçiliyin mühüm istiqamətlərindəndir.
