Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna Bakı şəhərindən gələn bir qrup turist səfər edib.
Ziyarət çərçivəsində qonaqlar əvvəlcə qoruğun Kurqanlar Vadisində yerləşən və əvvəlki illərdə arxeoloji tədqiqatların aparıldığı Sarıyoxuş dərəsi 1 və 2 saylı kurqanlarına baxış keçiriblər. Turistlərə həmin kurqanlarda aparılmış arxeoloji qazıntılar, onların konstruktiv xüsusiyyətləri, aşkar edilmiş maddi-mədəniyyət nümunələri və tədqiqatların elmi nəticələri barədə məlumat verilib.
Daha sonra qonaqlar hazırda “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi – 6” layihəsi çərçivəsində tədqiq olunan Sarıyoxuş dərəsi 4 saylı kurqanda aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar. Burada turistlərə qazıntı prosesinin mərhələləri, kurqanın quruluşu və arxeoloji materialların aşkar edildiyi kontekst haqqında məlumat verilib.
Səfər zamanı qonaqlara Sarıyoxuş dərəsi 4 saylı kurqandan aşkar edilmiş arxeoloji tapıntılar da nümayiş etdirilib. Onların arasında tunc xəncər, 10 ədəd qırmızımtıl-qəhvəyi rəngli çaxmaqdaşı ox ucluğu, 2 ədəd obsidian ox ucluğu, həmçinin diorit daşından hazırlanmış və hər iki tərəfində deşikləri olan əsa başlığı – hakimiyyət rəmzi xüsusi maraq doğurub. Turistlərə bu artefaktların hazırlanma xüsusiyyətləri, ehtimal olunan funksiyaları və kurqanın arxeoloji kontekstinin öyrənilməsi baxımından elmi əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, aşkar edilmiş materiallar Orta Tunc dövrü mərhələsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ekskursiyanın növbəti mərhələsində qonaqlar “İlham Əliyev adına zirvə” istiqamətində yerləşən mağaralara baş çəkiblər. Burada mağaraların memarlıq xüsusiyyətləri, tarixi-mədəni əhəmiyyəti, divar və tavanlarda qorunub saxlanılan freska nümunələri, su quyuları və təsərrüfat xarakterli digər elementlər barədə məlumat təqdim olunub.
Səfər zamanı turistlərin diqqətinə çatdırılıb ki, “Keşikçidağ” ərazisi arxeoloji abidələri, memarlıq nümunələri, tarixi-mədəni irsi və təbii landşaftı özündə birləşdirən bütöv mədəni landşaft kimi mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu cür maarifləndirici ekskursiyalar qoruğun zəngin tarixi-mədəni irsinin tanıdılmasına, aparılan arxeoloji tədqiqatların nəticələrinin ictimaiyyətə çatdırılmasına və mədəni irsin qorunması istiqamətində məlumatlılığın artırılmasına xidmət edir.
