Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən maarifləndirici fəaliyyətlər çərçivəsində Ağstafa rayon S. Məmmədov adına Poylu kənd tam orta məktəbinin şagirdləri üçün qoruğun inzibati binasında ekskursiya təşkil olunub.
Ekskursiya zamanı məktəblilər ilk olaraq Keşikçidağ Kurqanlar Vadisində aparılmış elmi-arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəni irs nümunələrinin nümayiş olunduğu kiçik muzey tipli stendlə tanış olublar. Qoruğun əməkdaşları tərəfindən eksponatların tarixi, elmi və mədəni əhəmiyyəti haqqında ətraflı məlumat verilib, əldə edilmiş tapıntıların Azərbaycanın qədim tarixinin öyrənilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Daha sonra şagirdlərə Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun yerləşdiyi Ceyrançöl ərazisinin coğrafi mövqeyi, özünəməxsus landşaftı, flora və fauna müxtəlifliyi barədə geniş məlumat təqdim edilib. Bildirilib ki, quraq iqlim şəraiti ilə seçilən bu ərazidə Qafqaz gürzəsi və zəhərli əqrəblər kimi canlılara rast gəlinə bilər. Bununla əlaqədar qoruq ərazisində təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyi vurğulanıb, məktəblilərə zəhərli canlılarla qarşılaşdıqda davranış qaydaları və qorunma üsulları izah edilib.
Maarifləndirici ekskursiyanın əsas məqsədi şagirdlərdə Azərbaycanın zəngin tarixi-mədəni irsinə marağın artırılması, milli irs nümunələrinin qorunmasının əhəmiyyəti barədə məlumatlılığın gücləndirilməsi, həmçinin gənc nəslin tarixə, arxeologiyaya və təbiətə məsuliyyətli münasibət ruhunda formalaşdırılmasına töhfə vermək olub.
