10 fevral 2026-cı il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə orta əsr dövrünə aid mədəni irs nümunələrinin qorunması, öyrənilməsi və təbliği mövzusunda onlayn elmi seminar keçirilmişdir. Seminar Türk dünyasının ortaq tarixi-mədəni irsinin elmi əsaslarla tədqiqi və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm elmi platforma kimi çıxış etmişdir. Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində fəaliyyət göstərən digər tarix-mədəniyyət qoruqlarının nümayəndələri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri və gənc könüllüləri, Bakı Dövlət Universiteti və Xəzər Universitetinin tarix, arxeologiya və memarlıq ixtisasları üzrə təhsil alan bakalavr, magistrant və doktorantları iştirak etmişlər. Seminar elmi ictimaiyyətlə yanaşı, gənc tədqiqatçıların və tələbələrin prosesə fəal şəkildə cəlb olunması baxımından da xüsusi əhəmiyyət kəsb etmişdir. Onlayn elmi seminarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun baş elmi işçisi, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsibli, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun Abidələrin mühafizəsi şöbəsinin müfəttişi Səlimcan Solxayev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, Xəzər Universitetinin müəllimi və AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaqub Məmmədov, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun Abidələrin mühafizəsi şöbəsinin əməkdaşı Tuyakbayev Marat Kımızoviç, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı Osmanova Cahan məruzələrlə çıxış etmişlər. Çıxışlarda orta əsr abidələrinin mühafizəsi və tədqiqində müasir elmi yanaşmalar, beynəlxalq təcrübə, eləcə də iki qoruq arasında gələcək əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunmuşdur. Seminar çərçivəsində “Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi” layihələrinin gənc könüllüsü İsrayıl Məmmədov da çıxış edərək qoruq ərazisində aparılmış arxeoloji qazıntı işlərində iştirakı, əldə etdiyi praktiki bilik və bacarıqlar, eləcə də bu cür layihələrin gənclərin elmi dünyagörüşünün formalaşmasındakı rolu barədə təəssüratlarını bölüşmüşdür. Bu çıxış gənclərin elmi tədqiqat prosesinə inteqrasiyasının vacibliyini bir daha nümayiş etdirmişdir. Tədbirin əsas məqsədi “Keşikçidağ” və “Həzrət Sultan” qoruqları arasında elmi əməkdaşlığın daha da gücləndirilməsi, tarixi, arxeoloji və memarlıq irsinin müqayisəli şəkildə araşdırılması, eləcə də gələcək birgə elmi tədqiqatlar, ekspedisiyalar və layihələrin həyata keçirilməsi imkanlarının müzakirə olunmasından ibarət olmuşdur. Seminar türk dünyasının ortaq mədəni irsinin qorunması və beynəlxalq elmi dövriyyəyə daxil edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilmişdir.
Elmi seminarın sonunda fəal iştiraklarına görə tələbə və magistrantlara “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tərəfindən birgə sertifikatlar təqdim edilmişdir.
