Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi ADA Universitetinin Qazax Mərkəzinə ekskursiya edib.

Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi ADA Universitetinin Qazax Mərkəzinə ekskursiya edib. Səfər zamanı Mərkəzin əməkdaşları tərəfindən qurumun fəaliyyəti, tədris və tədqiqat istiqamətləri, eləcə də ərazidə yerləşən tarixi-mədəni obyektlər haqqında ətraflı məlumat təqdim olunub. Ekskursiya iştirakçılarına Mərkəzin strukturunun təşkil qaydası, istifadədə olan müasir təhsil və təqdimat metodları, həmçinin Qazax bölgəsində həyata keçirilən layihələr barədə geniş məlumat verilib. Ekskursiyanın əsas məkanlarından biri yenicə restavrasiya edilmiş və XIX əsrə aid İsrafil Ağa hamamı olub. Mərkəzin əməkdaşları hamamın memarlıq xüsusiyyətləri, bərpa prosesinin mərhələləri və tarixi əhəmiyyəti barədə geniş məlumat veriblər. Qeyd olunub ki, abidənin interyeri qədim hamam üslubuna uyğun şəkildə bərpa edilib, tağ sistemi, daş konstruksiyalar, günbəz xətləri və qızdırma sisteminə aid elementlər maksimum dərəcədə orijinala yaxın formada qorunub saxlanılıb. İnteryer ziyarətçilərin marağına uyğun tərtib olunub: divarlarda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və Azərbaycan musiqi mədəniyyətinin digər görkəmli nümayəndələrinin portretləri yerləşdirilib. Bu ekspozisiya xüsusilə Üzeyir Hacıbəyovun 140 illik yubileyinə həsr olunaraq ərsəyə gətirilib və hazırda Mərkəzdə açıq şəkildə sərgilənir və ziyarətçilər ekspozisiya ilə istənilən vaxt tanış ola, təqdim olunan materialları yerindəcə izləyə bilərlər. Portretlərlə yanaşı, dahi sənətkarların fəaliyyəti, yaradıcılığı və milli musiqi irsində tutduqları yer haqqında izahlı mətnlər də təqdim olunub. Mərkəzin əməkdaşları bu sərginin məqsədinin milli mədəniyyəti bölgə üzrə maarifləndirmə prosesinə daha təsirli şəkildə daxil etmək olduğunu vurğulayıblar. ADA Universitetinin Qazax Mərkəzinin ümumi infrastrukturuna dair də geniş məlumat verilib. Ziyarətçilərə müasir tədris auditoriyaları, araşdırma otaqları, sərgi sahələri, interaktiv təqdimat texnologiyaları və açıq məkanda yaradılmış mədəniyyət guşələri nümayiş etdirilib. Mərkəzin əməkdaşları burada həm tələbələr, həm də geniş ictimaiyyət üçün müxtəlif təlim, seminar və elmi tədbirlərin keçirildiyini bildiriblər. Səfər çərçivəsində Mərkəzin səlahiyyətli əməkdaşı ilə Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər birgə elmi-maarifləndirici tədbirlərin təşkili, mədəni layihələrin keçirilməsi, tələbə-ekspedisiyalarının təşkili və regionun tarixi-mədəni irsinin birgə təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Ekskursiyanın sonunda qoruq əməkdaşlarına Mərkəzin gələcək fəaliyyət planları və qarşıda duran yeni layihələr barədə əlavə məlumatlar təqdim edilib.

Spread the love