MAĞARA № 16
Dövrü: İlkin orta əsrlər
İnventar
Yerləşdiyi yer: Qatardağ silsiləsi, Keşikçidağ DTMQ
Eni: 2
Uzunluğu: 2.7
Hündürlüyü: 2.90
Sahəsi: 3.5m²
№ 16 nömrəli mağara, struktur baxımından süni şəkildə formalaşdırılmış dördbucaqlı planlı arxeoloji-memarlıq abidəsidir. Onun kiçik ölçülərinə baxmayaraq, planlaşdırılması və texniki icrası baxımından diqqətəlayiqdir. Mağaranın bir giriş qapısı və işıqlandırma məqsədilə açılmış iki pəncərəsi vardır ki, bu da onun yaşayış və ya xüsusi funksional təyinatla istifadə olunduğunu göstərir. Qədim insanlar bu mağaranı əsasən daş alətlərdən istifadə edərək yonmuş və təbii qayalıqdan ayıraraq istifadəyə yararlı hala gətirmişlər. Mağaranın daxili divarlarının və ümumi konstruksiyasının dayanıqlığını artırmaq məqsədilə bərk daş parçalarından hörgü işləri aparılmışdır. Bu texnika həm struktur möhkəmliyi təmin edir, həm də daxili sahənin uzunmüddətli istifadəsinə şərait yaradırdı. Eyni zamanda, mağaranın tavan hissəsində his izlərinin olması onun içərisində ocaq qalamasına və ya tüstü ilə izolyasiya edilməsinə işarə edir. Bu üsul, ehtimal ki, həm nəmişliyin qarşısının alınması, həm də mikrob və zərərvericilərə qarşı mühafizə məqsədilə tətbiq olunmuşdur. Bu cür konstruktiv və funksional xüsusiyyətlər mağaranın ilkin orta əsrlərdə istifadə olunduğunu və mütəşəkkil insan fəaliyyəti nəticəsində formalaşdığını aydın şəkildə nümayiş etdirir.


