2025-ci il 24 may tarixində Gəncə Dövlət Universitetinin bir qrup müəllim heyəti “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna elmi tur həyata keçirmişlər. Elmi tur çərçivəsində qonaqlar “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən qədim mağaralar, onların divar və tavanlarında əks olunmuş nadir freskalar, su quyuları və ərzaq anbarları ilə yaxından tanış olmuşlar. Zəngin tarixi irsi ilə yanaşı, qoruğun əsrarəngiz təbiəti də ziyarətçilərdə dərin maraq yaratmışdır. Elmi tur çərçivəsində qoruğun əməkdaşları tərəfindən qonaqlara ərazinin tarixi, arxeoloji və mədəni əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Qoruq ərazisinə həyata keçirilmiş elmi tur iştirakçılara Azərbaycanın zəngin mədəni irsini daha yaxından tanımaq imkanı yaratmışdır. Eyni zamanda, bu səfər çərçivəsində gələcəkdə Keşikçidağ ərazisinə daha geniş miqyaslı elmi turların təşkili, arxeoloji qazıntılar zamanı Gəncə Dövlət Universitetinin tələbələrinin, magistrant və doktorantlarının arxeoloji qazıntılara cəlb olunması, eləcə də müəllim heyətinin burada elmi-tədqiqat işləri aparması məsələləri müzakirə olunmuşdur. GDU-nun tarix və coğrafiya ixtisası üzrə müəllimlərinin qazıntı işlərinə elmi rəhbərlik etməsi, birgə seminar və sərgilərin təşkili, elmi əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Bu istiqamətdə atılacaq addımların, həm gənc tədqiqatçılar üçün praktiki təcrübə imkanları yaratması, həm də Keşikçidağın arxeologiyasının öyrənilməsinə töhfə verəcəyi vurğulanmışdır.










