20 may 2025- ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun iştirakı ilə “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının, eləcə də Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşlarının iştirakı ilə ustad dərs təşkil olunmuşdur.
Ustad dərs “İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eyni zamanda Azərbaycanın Qərb bölgəsində yerləşən tarixi abidələrdə aparılmış elmi tədqiqat və arxeoloji qazıntılar” mövzusuna həsr olunmuşdur. Təqdimat zamanı dosent Pərviz Qasımov Ağdam rayonunda yerləşən Pənahəli xan saray kompleksi və Üzərliktəpə yaşayış məskənində aparılmış kompleks arxeoloji tədqiqatların nəticələrini iştirakçılarla bölüşmüşdür. Müzakirələrdə material-mədəniyyət nümunələrinin tipləri, dəfn adətləri və bu tapıntıların Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından elmi əhəmiyyəti geniş şəkildə izah edilmişdir.
Ermənistanın işğalı dövründə bölgənin mədəni irsinə qarşı həyata keçirilmiş dağıdıcı fəaliyyətlərə xüsusi diqqət çəkilmiş, abidələrə vurulmuş ziyanın miqyası və bu ziyanın elmi rekonstruksiya baxımından yaratdığı çətinliklər vurğulanmışdır. Təqdimatlar zamanı vizual materiallar – foto və xəritə sənədləri əsasında abidələrin ilkin və mövcud vəziyyəti müqayisəli təhlil olunmuş, həmçinin bu bölgələrin gələcəkdə elmi-turizm potensialı qiymətləndirilmişdir.
Bu kimi təşəbbüslər Azərbaycanın zəngin mədəni-tarixi irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət kəsb edir.







