Sarıyoxuş dərəsi 1 saylı kurqan

Sarıyoxuş dərəsi 1 saylı kurqan
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 15.06.2021-30.07.2021
Dövrü: Orta Tuncdan – Son Tunca keçid dövrü

Sarıyoxuş dərəsi Candargölün Azərbaycan Respublikasına düşən hissəsinin cənub-şərq sahillərindən başlayaraq adsız alçaq dağ silsilələri boyunca uzanır. Sarıyoxuş dərəsi ərazisində yerləşən kurqanlar 2020-ci ilin dekabr – 2021-ci ilin yanvar aylarında “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati ərazisinə daxil olan Karvan və Qaltan dərələrində aparılmış arxeoloji qazıntı və arxeoloji xilasetmə işləri zamanı həyata keçirilən arxeoloji kəşfiyyat nəticəsində qeydə alınmışdır. Sarıyoxuş dərəsi 1 saylı kurqan Ağstafa–Poylu–Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 39-cu kilometrindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu istiqamətinə ayrılan yolun təxminən 7-ci kilometrliyində yerləşir. Kurqan şimal–cənub istiqamətində 16 m, şərq–qərb istiqamətində isə 14 m ölçülərə malikdir. “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə daxil olan Sarıyoxuş dərəsində yerləşən 1 və 2 saylı daş örtüklü kurqanlarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun rəhbərliyi ilə arxeoloji tədqiqatlar işləri aparılmışdır. Sarıyoxuş dərəsi 1 saylı kurqanın qəbir kamerasında qaracilalı, həndəsi naxışlarla bəzədilmiş 5 ədəd keramika qab aşkar edilmişdir. Qablar əsasən skeletin baş nahiyəsi ətrafında dövrəvi şəkildə yerləşdirilmişdi. Uzun müddət daş örtüyünün altında qaldığından keramika nümunələrinin əksəriyyəti fraqmentləşmiş vəziyyətdə qeydə alınmışdır. Zərif hazırlanmış qaracilalı qabların fiziki təsirlərə qarşı davamsız olması onların dağılmasını sürətləndirmişdir. Qəbir kamerasından ümumilikdə 8 ədəd ox ucluğu əldə edilmişdir. Onlardan 6-sı obsidiandan, 1-i bənövşəyi çalarlı çaxmaqdaşından, 1-i isə tuncdan hazırlanmışdır. Obsidian və çaxmaqdaşından düzəldilmiş ox ucluqları əsasən skeletin sinə nahiyəsində, qabırğa sümükləri arasında aşkar olunmuşdur. Ox ucluqlarının istiqaməti göstərir ki, ox qabı ehtimal ki, skeletin bükülü qolları nahiyəsində yerləşmişdir. Oxların ucluq hissələri skeletin sağ böyrü üstə çevrilmiş sinəsinin sol tərəfinə istiqamətlənmiş vəziyyətdə qeydə alınmışdır. Ceyrançöl ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş ləçəkvari formalı ox ucluğu formaca gül ləçəyini xatırladır. Həmin ox ucluğu yüksək statuslu döyüşçüyə aid skeletin çənə hissəsində batmış vəziyyətdə aşkar edilmişdir. Aparılmış radiokarbon analizləri bu tapıntının e.ə. XVI–XV əsrlərə aid olduğunu göstərmişdir. Ehtimal olunur ki, həmin travma fərdin ölüm səbəblərindən biri olmuşdur.
Bu tip ox ucluqları Son Tuncdan-Orta tunca keçid dövrü silah kompleksinin xarakterik nümunələrindən hesab edilir. Onlar həm ovçuluqda, həm də hərbi məqsədlərlə istifadə edilmişdir. Ox ucluqlarının enli hissəsinin ölçüsü təxminən 1,5 sm, uzunluqları isə 2,8–3,1 sm arasında dəyişir. Saplaq üçün nəzərdə tutulmuş taxma hissəsinin uzunluğu 0,7–0,8 sm təşkil edir. Kurqanın qəbir kamerasından 8 ədəd tunc pilək də aşkar edilmişdir. Bundan əlavə, müxtəlif rəng çalarlarına malik obsidiandan hazırlanmış 2 ədəd kəsici alət qeydə alınmışdır. Həmin alətlər skeletin dua vəziyyətində yerləşdirilmiş sol əlinin qarşısında tapılmışdır. Onlardan biri açıq qara, digəri isə bənövşəyi rəngli obsidiandan hazırlanmışdır. Əsas dəfndə skeletin bükülü sol diz və sol dirsək nahiyəsi arasında tunc qılınc aşkar olunmuşdur. Qılıncın ümumi uzunluğu 44,5 sm-dir. Dəstəyinin başlıq hissəsinin eni 4,8 sm, tiyənin başlanğıc hissəsinin eni isə 4,3 sm təşkil edir. Dəstəyin uzunluğu 13,55 sm, tiyənin uzunluğu isə 30,95 sm-dir. Qılıncın dəstəyi mürəkkəb konstruksiyaya malikdir. Dəstəyin yuxarı hissəsi göbələkvari başlıqla tamamlanır. Tiyə ilə birləşmə hissəsində hər iki tərəfdən içəriyə doğru bükülmüş xüsusi çıxıntılar vaxtilə dəstəyi örtən ağac üzlüyün bərkidilməsi funksiyasını daşımışdır. Həmin hissələrdə ağac qalıqları da müşahidə edilmişdir. Dəstəyi tiyə ilə birləşdirən hissədə 0,5 sm enində qaynaq zolağı qeydə alınmışdır. Tunc qılıncın səthi yaşıl rəngli paxır təbəqəsi ilə örtülmüşdür. Tipoloji xüsusiyyətlərinə əsasən bu qılınc Orta Tuncdan Son Tunc keçid dövrünə aid edilir.
Sarıyoxuş dərəsi 1 saylı kurqanın qəbir kamerasının mərkəzi hissəsində insan skeleti aşkar edilmişdir. Skelet sağ böyrü üstə, başı şimala, üzü isə şimal-qərbə istiqamətləndirilmiş vəziyyətdə yerləşdirilmişdir. Qollar dirsəkdən bükülü halda üz nahiyəsi qarşısında “dua pozasında” qeydə alınmışdır. Kurqanda həmçinin heyvan skeletlərinə aid fraqmentlər də müəyyən edilmişdir. Osteoloji qalıqlar əsasən xırdabuynuzlu heyvanlara məxsusdur. Ehtimal olunur ki, bunlar dəfn mərasimi zamanı istifadə edilmiş qurban heyvanlarının bişirilmiş ət qalıqları olmuşdur. Sümük qalıqları əsasən skeletin baş hissəsi ətrafında yerləşdirilmiş qabların üzərində, eləcə də kürək və ayaq nahiyələrində qeydə alınmışdır. Sarıyoxuş dərəsi 1 saylı kurqan və burada aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin qrafik təsvirləri hazırlanmışdır. Kurqandan əldə olunmuş materiallar, xüsusilə qaracilalı keramika nümunələri, obsidian və çaxmaqdaşından hazırlanmış ox ucluqları, tunc piləklər və göbələkvari başlıqlı tunc qılınc abidənin Orta Tuncdan-Son Tunc dövrünə keçid mərhələsinə, təxminən e.ə. XVI–XV əsrlərə aid olduğunu göstərir. Dəfn inventarının zənginliyi və silah kompleksinin xarakteri burada yüksək sosial statusa malik döyüşçünün dəfn edildiyini ehtimal etməyə imkan verir.

Coğrafi koordinatlar: 41°23’38.2″N 45°16’44.7″E

Spread the love