Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə Karvan dərəsi kurqanlarında “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-4″ adlı layihə həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd tarixi-mədəni irsin qorunub saxlanılması və təbliği, tarixi biliklərin yüksəldilməsi, gənc nəslin mədəni irsin qorunub saxlanılması fəaliyyətinə cəlb edilməsi, gənc arxeoloqların peşəkar bacarıqlarının inkişaf etdirilməsi və mədəniyyət könüllülülərin qazıntı və çöl arxeoloji işlərinin aparmaq bacarığına yiyələnməsidir.
Bununla əlaqədar olaraq 28.09.2024-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihəyə həsr olunmuş elmi seminar keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Emin İbrahimov, Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri Hamil Həsənov və Cəlal Nəsibov, gənc könüllülərin, tarix müəllimlərinin, rayon ziyalılarının iştirakı ilə təşkil olunmuş elmi seminarın keçirilməsində əsas məqsəd qoruq ərazisində aparılmış elmi-tədqiqat və arxeoloji qazıntılara dair məlumatların və əldə olunan nəticələrin ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Elmi seminar Ulu Öndərin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsinin ziyarət edilməsi ilə başlamışdır. Daha sonra qonaqlar qoruq ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunələrinindən ibarət sərgi, qoruğa məxsus çap məhsulları, o cümlədən, fraqmentləşmiş halda aşkarlanmış artefaktların qoruq əməkdaşı tərəfindən bərpa edilməsi prosesi ilə tanış olmuşlar.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev ilk öncə seminarı açıq elan edərək çıxış sözünü “Keşikçidağda elmi- arxeoloji qazıntılar və Yay məktəbi 4” adlı layihənin ekspedisiya rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfova vermişdir. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Əsədov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bərpaçı–rəssam Fərhad Fərmanov aparılan arxeoloji işlərdən və əldə olunan nəticələrdən bəhs etmişlər. Daha sonra Bakı Dövlət Universitetinin Qazax filialının baş müəllimi, əməkdar tarix müəllimi İndira Səmədova, rayonun tarix müəllimləri, digər qoruqların əməkdaşları və Dövlət Xidmətinin Gəncə Regional Bölməsinin abidə mühafizəçiləri çıxış etmişlər. Həmçinin “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı Firuzə Məmmədova çıxış edərək layihə müddətində arxeoloji qazıntı sahəsinə gəlmiş ekskursiyaçıların sayı, layihənin yayımlandığı televiziya kanalları, qəzetlər, internet saytları, qoruğun sosial şəbəkələrində layihə ilə bağlı edilmiş paylaşımlara olan baxış sayı haqqında statistik məlumatları seminar iştirakçılarının diqqətinə çatdırmışdır. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların elmi işçiləri Zoom platforması vasitəsilə onlayn şəkildə elmi seminara qoşulmuşlar.