27 Sentyabr Anım Günü münasibətilə ölkə ərazisində olduğu kimi Ağstafa rayonunda da silsilə tədbirlər həyata keçirilir. Bu gün münasibətilə Ağstafa rayon ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada qoruq əməkdaşları ilə yanaşı “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” layihəsi çərçivəsində qoruq ərazisində elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparan ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Əsədov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanov və Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşı, filologiya elmləri doktoru Valeh Nəsibov iştirak etmişlər. Dəyirmi masada ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra qoruğun direktoru Musa Mursaquliyev qeyd etmişdir ki, 27 sentyabr tarixində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə başladı, xalqımız əzm və iradə ilə bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdi.
Allah şəhidlərimizə rəhmət eləsin.