30.04.2024-cü il tarixində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığı tərəfindən qoruq ərazisində aparılmış elmi-arxeoloji qazıntı işləri nəticəsində aşkar olunmuş artefaktlara yerində baxılaraq nümunələrin götürülməsi məqsədilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Abidələri və Muzeylər Baş idarəsinin Ərzurum Bərpa və Konservasiya Bölgə Laboratoriyasının əməkdaşı Züleyha Gizem Özer və TİKA-nın əməkdaşı Kemal Kadir Karadoğanın iştirakı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur. Qonaqlar həmçinin qoruğun inzibati binasında yaradılmış maddi-mədəniyyət nümunələrindən ibarət kiçik muzey tipli stendlə və fraqmentləşmiş halda aşkarlanmış saxsı nümunələrinin bərpa prosesi ilə tanış olmuşlar. Qoruğun direktoru Musa Mursaquliyev qoruq ərazisində ərazində aparılmış elmi-tədqiqat, o cümlədən son dövrlər ənənəvi hal almış “Keşikçidağda arxeoloji qazıntılar və yay məktəbi” adlı layihədən bəhs etmişdir. Dəyirmi masanın sonunda radiokarbon analizə cəlb olunacaq artefaktlar siyahıya alınaraq sənədləşdirilmiş və möhürlənmişdir. Sonra xarici nümayəndələr “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Keşikçidağ Kurqanlar vadisində aşkarlanmış və gələcəkdə arxeoloji qazıntı işlərinin həyata keçirilməsi nəzərdə tutulmuş kurqanlarla tanış olmuşlar.