1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar faciəsi ilə bağlı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar faciəsi ilə bağlı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, 19.01.2024-cü il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “20 Yanvar-tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı onlayn seminar təşkil olunmuşdur. Seminarda 20 Yanvar hadisələrinin canlı şahidlərindən olan AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişlər. Seminarda Pərviz Qasımov 20 Yanvar gecəsi öz şahidi olduğu hadisələrdən bəhs etmişdir. Daha sonra qoruq rəhbərliyi və əməkdaşları çıxış edərək bildirmişlər ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.
Bu tədbirlərin davamı olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “Xalqımızın şərəf salnaməsi” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada ilk öncə 20 Yanvar qurbanlarının , o cümlədən torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilmişdir. Qoruğun direktoru Musa Mursaquliyev qeyd etmişdir ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin xalqın iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin faciə zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Spread the love