Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Bu gün Xocalı faciəsindən 32 il ötür. Bu faciə ilə bağlı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi Ağstafa rayon ümumrayon tədbiri çərçivəsində Ağstafa rayon Şəhidlər Xiyabanı və Ağstafa şəhər Şəhidlər Memorial kompleksini ziyarət etmişdir. Daha sonra qoruğun inzibati binasında “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” adlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada ilk öncə Xocalı qurbanlarının o cümlədən vətənimizin azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək bildirmişdir ki, Xocalının qisası döyüş meydanında alındı. Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və əzmkar xalq bunu ləyaqətlə yerinə yetirdi.