“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu və bölgəmizin mədəni irsi” adlı elmi seminar keçirilmişdir.

05.10.2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu və bölgəmizin mədəni irsi” adlı elmi seminar keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin 100 illiyi və qoruq ərazisində aparılmış arxeoloji qazıntıların yekununa dair keçirilmiş elmi seminarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi və məsul şəxsləri, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxsləri, o cümlədən, qoruq ərazisində elmi tədqiqat işləri aparmış alimlər, rayon ziyalıları iştirak etmişlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsinin ziyarət edilməsi ilə başlanılmış, seminar iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən kiçik muzeylə tanış olmuş, daha sonra isə qonaqlar qoruğa məxsus çap məhsullarından ibarət guşə, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış artefaktlardan ibarət arxeoloji sərgi və fraqmentləşmiş halda aşkarlanmış küplərin bərpası prosesi ilə tanış olmuşlar. Elmi seminarı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova açaraq qonaqları salamlamış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov çıxış edərək müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin tarixi abidələrə, mədəni irsimizə, tarixi keçmişimizə verdiyi töhfələrdən bəhs etmişlər. Sonra Dövlət Xidmətinin Beynəlxalq əlaqələr sektorunun böyük məsləhətçisi Fariz Hüseynli “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda təqdimat keçirmişdir. Elmi seminarın rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-3” adlı layihə çərçivəsində Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən Qarasoy 1 və 2 saylı kurqanlarda aparılmış arxeoloji qazıntıların yekunu ilə tanış olmaq məqsədilə qoruq ərazisinə səfər etmişlər. Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Şamil Nəcəfov qazıntıların aparıldığı Qarasoy kurqanları, kurqanlardan əldə olunmuş zəngin artefaktlar, onların dövrləri haqqında ətraflı məlumat vermişdir. Həmçinin qoruq ərazisində yerləşən informasiya mərkəzində sərgilən maddi-mədəniyyət nümunələri ilə tanış olmuş, “İlham Əliyev adına zirvə” istiqamətində yerləşən abidələrə baxış keçirmişlər.


Spread the love