Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təsdiqlənmiş iş planına uyğun olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində 07.09.2023-06.10.2023-cü il tarixlərində Keşikçidağda elmi- arxeoloji qazıntılar və Yay məktəbi 3″ adlı layihəmizə start verilmişdir. Artıq layihəmiz yekunlaşmaq üzrədir. Bu arxeoloji qazıntılarla yaxından tanış olmaq üçün Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrinin və rayon könüllülərinin mütəmadi olaraq əraziyə ekskursiyaları təşkil olunur.
“Keşikçidağda elmi- arxeoloji qazıntılar və Yay məktəbi 3″ adlı layihə çərçivəsində 01.10.2023-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialının tarix fakültəsinin 60-a yaxın tələbəsi Qarasoy 1 və 2 saylı kurqanda olmuşlar. Burada onlar qazıntılar nəticəsində aşkarlanmış saxsı nümunələri, bəzək əşyaları, tuncdan silahlar və digər maddi-mədəniyyət nümunələrindən ibarət sərgi ilə tanış olmuşlar. Daha sonra gənclər AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Şamil Nəcəfov tərəfindən keçirilən Master- Klassda iştirak etmiş, Ceyrançöldə məskunlaşmış tayfaların xarici ölkələrlə apardığı ticarət əlaqələrindən, o cümlədən arxeoloji qazıntıların aparılma üsulları haqqında məlumat almışlar. Qarşılıqlı fikir mübadiləsi çay süfrəsi arxasında davam etdirilmişdir.
Tədbir Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri tərəfindən işıqlandırılmışdır.