Ən qədim yaşayış məskənlərindən biri olan” Keşikçidağ” Dövət tarix-mədəniyyət qoruğunda qədim dövrlərdən mövcud olan yaşayış yerlərinin, müxtəlif tarixi dövrlərdə inkişaf tapmış mədəniyyətlərin müxtəlif aspektlərdən araşdırılması və öyrənilməsi istiqamətində aparılan işlər son illərdə daha da intensivləşmiş, arxeoloji qazıntı işləri aparılmış, çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Bu qazıntıların davamı olaraq 07.09.2023-cü il tarixindən 07.10.2023-cü il tarixinədək “Keşikçidağda arxeoloji qazıntılar və Yay məktəbi 3” adlı layihəyə start verilmişdir. Bununla bağlı Keşikçidağ Kurqanlar vadisində yerləşən Qarasoy kurqanlarında aparılacaq arxeoloji qazıntı işlərinin başlanması ilə bağlı inzibati binada dəyirmi masa təşkil olunmuşdur. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Şamil Nəcəfov və BDU-nun Qazax filialının dosenti, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyevin iştirakı ilə keçirilən dəyirmi masada gənc nəslin mədəni irsin qorunub saxlanılması fəaliyyətinə cəlb edilməsindən, gənc arxeoloqların peşəkar bacarıqlarının inkişaf etdirilməsi, mədəniyyət könüllülülərinin qazıntı və çöl arxeoloji işlərini aparmaq bacarığına yiyələnməsindən bəhs olunmuş, müzakirələr aparılmışdır.