Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı, Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin rəhbərliyi ilə keçirilən “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda elmi-praktiki təlimlərin üçüncü günü uğurla başa çatıb.
Təlimlərin üçüncü günü sahə praktikası Gədəbəy rayonunun Xarxar kəndi ərazisində yerləşən, Qafqaz Albaniyası dövrünə aid Xarxar nekropolunda keçirilib. Azərbaycan arxeologiyası üçün mühüm əhəmiyyət kəsb edən bu nekropol qədim dəfn adətlərinin və Qafqaz Albaniyasının maddi mədəni irsinin öyrənilməsi baxımından zəngin elmi potensiala malikdir.
Sahə praktikası zamanı iştirakçılar qəbir abidələri, qəbirüstü daşlar, skelet qalıqları, dəfn kameraları və nekropolun digər arxeoloji elementləri üzərində LiDAR texnologiyasının tətbiqini praktiki şəkildə mənimsəyiblər. Məşğələlər zamanı arxeoloji obyektlərin yüksək dəqiqliklə rəqəmsal skan edilməsi, ölçülərinin götürülməsi, üçölçülü (3D) modellərinin hazırlanması və rəqəmsal sənədləşdirmə üçün ilkin məlumatların toplanması həyata keçirilib.
