Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi-6” layihəsi çərçivəsində elmi-tədqiqat və maarifləndirici fəaliyyətlər davam etdirilir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi-6” layihəsi çərçivəsində elmi-tədqiqat və maarifləndirici fəaliyyətlər davam etdirilir.
Layihə çərçivəsində qoruğun ərazisində aparılan arxeoloji qazıntılar Azərbaycanın qədim tarixinin müxtəlif mərhələlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədqiqatlar zamanı aşkarlanan tunc xəncər, Diorit daşından hazırlanmış əsa başlığı, saxsı qab nümunələri, ox ucluqları və digər arxeoloji materiallar ərazinin qədim dövrlərdəki tarixi-mədəni proseslərini araşdırmaq üçün mühüm mənbə rolunu oynayır.

Yay Məktəbi-6 həmçinin gənc tədqiqatçıların, magistrantların və könüllülərin praktiki təcrübə qazanmasına, arxeoloji qazıntıların aparılması, tapıntıların sənədləşdirilməsi və onların ilkin emalı ilə bağlı biliklərinin artırılmasına imkan yaradır. Layihədə iştirak edən mütəxəssislər tərəfindən aparılan işlər iştirakçılara arxeoloji irsin yalnız aşkarlanması deyil, həm də qorunması və gələcək nəsillərə çatdırılması prosesini yaxından izləmək imkanı verir.
Təqdim olunan videoda layihənin iştirakçıları ilə yanaşı, qoruq əməkdaşlarının və media nümayəndələrinin müsahibələrinə də yer verilib. Müsahibələr zamanı Keşikçidağ ərazisində aparılan arxeoloji tədqiqatların əhəmiyyəti, qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri, layihənin gənclər üçün yaratdığı praktiki imkanlar və arxeoloji irsin qorunması istiqamətində görülən işlər barədə fikirlər səsləndirilib.
“Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi-6” layihəsi bu baxımdan yalnız yeni arxeoloji materialların üzə çıxarılmasına deyil, həm də elmi biliklərin gənc nəslə ötürülməsinə, mədəni irsin təbliğinə və Keşikçidağın zəngin tarixi irsinin daha geniş auditoriyaya tanıdılmasına xidmət edir.

Spread the love