“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları növbəti dəfə Aşağı Kəsəmən kəndi yaxınlığında aşkarlanmış Tavatəpə yaşayış məskənində olmuşlar. Ekspedisiyanın rəhbəri AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun dosenti, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov bildirmişdir ki, artıq qazıntı işləri yekunlaşmaq üzrədir və bu qazıntıların davamının gələn il də həyata keçirilməsi nəzərdə tutulur. Daha sonra Bəxtiyar Cəlilov Tavatəpə yaşayış məskənində qazıntı aparan xarici mütəxəssislərlə birgə qoruğun inzibati binasında qonaq olmuş, qoruğa məxsus kiçik muzeydə sərgilənmiş maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olmuşlar. Həmçinin qonaqlara qoruq ərazisində yerləşən tarixi abidələr, burada aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri barədə məlumat verilmişdir.