23 dekabr 2022-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda keçirilən qoruqların 2022-ci ilin yekunlarına dair həsr olunmuş tədbirdə iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni İrsin Qorunması Şöbəsinin müdiri Ruslan Ənvərli, həmin şöbənin Qoruqların idarəedilməsi və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov və Dövlət Xidmətinin tabeliyində olan qoruqların direktorları iştirak etmişdir. Tədbiri Dövlət Xidmətinin Mədəni İrsin Qorunması Şöbəsinin müdiri Ruslan Ənvərli açıq elan etmiş, sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən 12 qoruq direktoru öz İllik İş Planlarının hesabatlarını təqdim etmişlər. Məruzələri videotəqdimatla müşaiyət olunmuş hesabatların təqdimatından sonra 2023-cü il üçün qoruqların nəzərdə tutduğu layihələr, gələcək hədəflər və qoruqların inkişafında, təşviqində, təbliğində rol oynayan məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış və yeni təkliflər irəli sürülmüşdür.