Keşikçidağın elmi seminarı

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin göstərişi və Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə 15 avqust 2022-ci il tarixindən 15 sentyabr 2022-ci il tarixinədək “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Arxeoloji qazıntılar və yay məktəbi 2” adlı layihə həyata keçirilir. Bununla əlaqədar olaraq Ağstafa rayon Heydər Əliyev Mərkəzində qoruğun baş elmi işçisi Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Səfər Aşurovun və “Ağstafa Gənclər Evi” Sosial xidmət müəssisəsinin könüllülərinin iştirakı ilə sözügedən layihə ilə bağlı elmi-seminar keçirilmişdir. Elmi seminarın keçirilməsində əsas məqsəd “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan “Arxeoloji qazıntılar və yay məktəbi 2” adlı layihə çərçivəsində qoruq ərazisində aparılan elmi tədqiqat və arxeoloji qazıntı işlərinin daha geniş şəkildə təbliğ edilməsidir. Elmi seminarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev, “Ağstafa Gənclər Evi” Sosial xidmət müəssəsinin direktoru Nicat Vəkilov, dosent Yunis Nəsibov və arxeoloq Səfər Aşurov layihədə iştirakı üçün gənc könüllülərə təşəkkür etmişlər.

 

Spread the love